SABAH tələbələrinin startapı “Startap Şəhadətnaməsi” ilə təltif olunub!
TƏLƏBƏLƏR
23 Aprel 2026
AzTU SABAH tələbələrinin “ChatX” startapı KOBİA tərəfindən “Startap Şəhadətnaməsi” ilə təltif olunub!
SABAH qrupları Azərbaycan Texniki Universitetinin (AzTU) 3-cü kurs tələbəsi Kənan Rzayevin təsis etdiyi “ChatX” startap layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən rəsmi olaraq “Startap Şəhadətnaməsi” ilə təltif edilib.
“TANZ TECHNOLOGIES” MMC tərəfindən inkişaf etdirilən “ChatX” layihəsi süni intellekt əsaslı, müştəri əlaqələrinin vahid platforma üzərindən idarə olunmasını təmin edən (omnichannel) kommunikasiya sistemidir. Platforma bizneslərə müştərilərlə əlaqələri daha effektiv, operativ və mərkəzləşdirilmiş şəkildə qurmaq imkanı yaradır.
Layihənin təsisçisi və baş direktoru #AzTU SABAH İnformasiya Texnologiyaları ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Kənan Rzayevdir. Komandaya həmtəsisçi və icraçı direktor qismində AzTU tələbəsi Fərid Mustafayev daxildir. Digər komanda üzvləri isə AzTU #SABAH qruplarının tələbəsi Nurlanə Ələkbərova, Bakı Dövlət Universiteti #SABAH qruplarının tələbəsi Rəşidə Bağırova və AzTU SABAH qrupunun tələbəsi Alpay Abdullayevdir.
Komanda üzvlərinin akademik istiqaməti əsasən data elmləri və verilənlərin təhlili sahəsini əhatə edir. Bu biliklər layihə çərçivəsində süni intellekt həllərinin hazırlanması və müştəri davranışlarının analizində effektiv şəkildə tətbiq olunur.
Qeyd edək ki, “ChatX” layihəsi AzTU SABAH qrupları tələbələri tərəfindən hazırlanaraq KOBİA tərəfindən “Startap Şəhadətnaməsi” ilə təltif olunan ilk təşəbbüslərdən biri kimi diqqət çəkir. Bu uğur gənc mütəxəssislərin innovasiya və texnologiya sahəsində artan potensialının bariz nümunəsidir.