SABAH İncəsənət Festivalı başlayır!
TƏLƏBƏLƏR
27 İyun 2026
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə SABAH İncəsənət Festivalı keçiriləcək.
Festival çərçivəsində incəsənətin müxtəlif sahələrini əhatə edən silsilə tədbirlər, tələbələrin yaradıcılıq nümunələrinin təqdimatları, teatr tamaşaları, konsert proqramları, sərgilər və moda nümayişləri təşkil olunacaq.
Festivalın açılış mərasimi 1 iyul tarixində Müasir İncəsənət Muzeyində baş tutacaq. Açılış proqramında tələbələrin hazırladığı sənət nümunələrindən ibarət sərgi, bədii kompozisiya və geyimlərdən ibarət moda nümayişi təqdim ediləcək.
Açılış mərasimindən sonra SABAH qrupları tələbələrinin hazırladığı incəsənət nümunələrindən ibarət sərgi 2–3 iyul tarixlərində də Müasir İncəsənət Muzeyində davam etdiriləcək. Sərgi bütün sənətsevərlər üçün açıq olacaq.
Festival proqramı çərçivəsində:
28 iyun – Mingəçevir Dövlət Dram Teatrında SABAH qrupları tələbələrinin ifasında Vilyam Şekspirin “Hamlet” tamaşası;
29 iyun – Gəncə Dövlət Milli Dram Teatrında SABAH qrupları tələbələrinin ifasında Vilyam Şekspirin “Hamlet” tamaşası;
2 iyul – Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında SABAH qrupları tələbələrinin ifasında konsert proqramı;
3 iyul – Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında SABAH qrupları tələbələrinin ifasında Yura Soyferin pyesi əsasında təqdim olunan “Vineta və ya Sulara qərq olmuş şəhər” tamaşası nümayiş olunacaq.
SABAH İncəsənət Festivalı gənclərin yaradıcılıq imkanlarının genişləndirilməsi, onların mədəni layihələrdə fəal iştirakının təşviqi və incəsənətə marağın artırılması baxımından mühüm platforma olacaq.