XƏBƏRLƏR

TİPx “Təhsilin yeni paradigması” mövzusunda konfrans keçirilib

İŞ VƏ KARYERA

05 Dekabr 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Tələbə İnkişaf Platformasi” (TİPx) çərçivəsində 3 dekabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsilin yeni paradigması” adlı konfrans keçirilib.

Konfrans çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali təhsil müəssisələri ilə iş sektorunun müdiri və SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Təhlil və strateji planlaşdırma şöbəsinin müdir müavini və SABAH qruplarının müəllimi Bəhman Hüseynli çıxış ediblər.

Spikerlər öz çıxışlarında müasir təhsilin yeni paradiqması, dəyişən əmək bazarının tələbləri, tələbə yönümlü tədris mühitinin formalaşdırılması, eləcə də ali təhsildə innovativ yanaşmaların tətbiqi mövzularında məlumat və tövsiyələr təqdim ediblər. Onlar həmçinin gələcəkdə təhsil və məşğulluq sahələrində gözlənilən inkişaf meyilləri barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində müzakirələr aparılıb, tələbələr spikerlərə suallar ünvanlayaraq mövzu ətrafında geniş fikir mübadiləsi ediblər.