Tibb ixtisası üzrə təhsil alan SABAH tələbələri praktiki dərsdə iştirak ediblər
TƏLƏBƏLƏR
24 Dekabr 2025
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Tibb ixtisası üzrə təhsil alan III kurs SABAH tələbələri üçün auditoriyadan kənar dərs 14 dekabr tarixində Darıdağ Arsenli Su Müalicə Mərkəzində baş tutub.
Universitetin “Klinik fənlər və hərbi tibb” kafedrasının müdiri, dosent Gültəkin Əliyevanın rəhbərliyi ilə keçirilən dərsdə məqsəd gələcək həkimləri Naxçıvanın zəngin təbii müalicəvi resursları və onların tibbi əhəmiyyəti ilə yerində tanış etmək olub.
Dərs zamanı qeyd olunub ki, mənbəyində temperaturu 52°C olan su, müalicə vannalarında insan orqanizmi üçün optimal olan 37-41°C-də tətbiq edilir. Unikal tərkibi sayəsində məhz burada arsenli su vannası qəbul etməklə revmatik, dəri, əzələ, sinir, dayaq-hərəkət sistemləri və bəzi qadın xəstəliklərinin effektiv müalicəsi aparılır.
Sonda müəllim və tələbələr arasında mövzu ətrafında geniş qarşılıqlı diskussiya aparılıb, suyun müalicəvi xüsusiyyətlərinin öyrənilməsi istiqamətində gələcək elmi-araşdırmalar üçün konkret mövzular müəyyənləşdirilib.