XƏBƏRLƏR

SABAH tələbələri üçün tibbi genetika üzrə ustad dərsləri uğurla başa çatdı

TƏLƏBƏLƏR

24 Noyabr 2025

 

18–20 noyabr tarixlərində SABAH qruplarının təşkilatçılığı ilə #Erciyes Universiteti Tibb Fakültəsinin tibbi genetika üzrə mütəxəssisi Prof. Dr. Yusuf Özkul tərəfindən keçirilən ustad dərsləri uğurla yekunlaşıb.

Ustad dərslərində SABAH bakalavriat səviyyəsinin Biotexnologiya və Biologiya müəllimliyi ixtisasının tələbələri, həmçinin magistratura səviyyəsinin Molekulyar biologiya ixtisaslaşmasının tələbələri, eləcə də SABAH müəllimləri iştirak ediblər.

Proqram çərçivəsində tələbələrə müasir tibbi genetika sahəsinin aktual istiqamətləri təqdim olunub: Əsas molekulyar genetik metodlar, NGS texnologiyaları və onların tətbiq sahələri, Toxuma kulturası metodları, Sitogenetik üsullar, Prenatal diaqnostika, cfDNA və NIPT yanaşmaları, RNT əsaslı gen terapiyaları.

Sonuncu gün isə magistrantların elmi rəhbərləri ilə birgə görüş təşkil edilib və iştirakçıların elmi təqdimatları nümayiş olunub. Professor Yusuf Özkul magistrantlara elmi fəaliyyətin planlaşdırılması, metodoloji yanaşmalar və tədqiqat strategiyaları ilə bağlı faydalı tövsiyələr verib. Görüş zamanı həmçinin gələcək elmi əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirə olunub.

Sonda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun rəhbəri, akademik İradə Hüseynova professor Yusuf Özkula xatirə hədiyyəsi təqdim edib. SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova isə professoru təşəkkürnamə ilə təltif edib.