SABAH qrupları tələbələri üçün “Lider müəllim” mövzusunda ustad dərsi keçirilib
TƏLƏBƏLƏR
25 Oktyabr 2025
SABAH qrupları tələbələri üçün “Lider müəllim” mövzusunda ustad dərsi keçirilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Maarid Məktəbləri ilə əməkdaşlıq əsasında pedaqoji ixtisaslarda təhsil alan bakalavr tələbələrinə, eləcə də hazırda ümumitəhsil sistemində müəllim kimi fəaliyyət göstərən magistratura tələbələrinə yönəlik ardıcıl təlim və seminarların təşkili nəzərdə tutulur.
Layihə çərçivəsində keçirilən ilk seminar 24 oktyabr 2025-ci il tarixində Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunun müdiri Mevlüt Altıntop tərəfindən “Lider müəllim” mövzusunda təşkil olunub.
Seminar zamanı müasir təhsil sistemində liderlik keyfiyyətlərinin əhəmiyyəti, müəllim-şagird münasibətlərində motivasiyanın rolu və pedaqoji liderliyin inkişaf istiqamətləri real həyat hekayələri əsasında müzakirə olunub.
Mevlüt Altıntop çıxışı zamanı müəllimin şəxsiyyət kimi formalaşmasında dəyərlər, məsuliyyət və davamlı öyrənmənin önəmini vurğulayıb. Seminar interaktiv şəkildə davam edib və iştirakçılar öz suallarını ünvanlayıblar.
Belə təşəbbüslər SABAH qrupları tələbələrinin peşəkar inkişafına və gələcək müəllim kimi liderlik bacarıqlarının formalaşmasına mühüm töhfə verir.
Tədbirdə SABAH qruplarının tələbələri ilə yanaşı, ADPU və ABŞ-nin Corc Vaşinqton Universitetinin ikili diplom magistr tələbələri də iştirak ediblər.
Qeyd edək ki, təlim və vorkşoplar Azərbaycan Maarif Məktəbləri ilə əməkdaşlıq çərçivəsində növbəti həftələr ərzində davam edəcək.