SABAH məzunu Azad Mirzəcanzadə inkişaf proqramının qalibi olub
MƏZUNLAR
11 Avqust 2025
SABAH qruplarının məzunu Elnur Əlizadə Azad Mirzəcanzadə inkişaf proqramının qalibi olub.
SABAH qrupları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu Elnur Əlizadənin müsabiqəyə təqdim etdiyi “MagEOR” layihəsi maqnit sahəsinin tətbiqi ilə tükənməkdə olan neft yataqlarının işlənmə səmərəliliyinin artırılmasına həsr olunmuşdur. Bu metod ekoloji baxımdan təmiz, iqtisadi cəhətdən səmərəli, enerjiyə qənaətcil və texnoloji baxımdan asan tətbiq olunan müasir və innovativ yanaşmadır.
Elnur Əlizadə bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Neft-qaz mühəndisliyi” ixtisası üzrə SABAH qruplarında fərqlənmə diplomu ilə başa vurmuş, magistr təhsilini isə Çin Neft Universitetində “Neft və qaz yataqlarının işlənməsi” ixtisası üzrə alaraq “İlin tələbəsi” adına layiq görülmüşdür. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı, gənc tədqiqatçıdır.
Azad Mirzəcanzadə inkişaf proqramına ölkə üzrə müxtəlif universitetlərdən 100-dən çox iştirakçı müraciət etmişdir. Üç mərhələdən ibarət olan seçim prosesinin sonunda münsiflər heyətinin keçirdiyi müsahibələr və yekun qiymətləndirmə nəticəsində 10 layihə qalib seçilmiş, maliyyə dəstəyi qazanmışdır.
Qeyd edək ki, 2023-cü ildən fəaliyyətə başlayan Azad Mirzəcanzadə inkişaf proqramı, 18-35 yaş arası, cəmiyyətin inkişafına töhfə vermək arzusu və bu istiqamətdə real ideyaları olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulmuşdur.