“Dayanıqlı Şəhər Layihəsi” üzrə Multidisiplinar Məkan Planlaşdırmanın 2-ci mərhələsi keçirilib
TƏLƏBƏLƏR
04 Noyabr 2025
Yurddan Kənarda Yaşayan Türklər və Əqraba Topluluqlar Başqanlığının dəstəyi, Xəzər Universitetinin Memarlıq və Dizayn Departamentinin təşkilatçılığı ilə “Dayanıqlı Şəhər Layihəsi” üzrə multidisiplinar məkan planlaşdırmanın 2-ci mərhələsi 2025-ci il oktyabrın 27-də Xəzər Universitetində öz işinə başlayıb.
Qeyd edək ki, layihənin birinci mərhələsi 30 may – 3 iyun 2025-ci il tarixlərində keçirilmişdir.
Layihədə Xəzər Universitetinin Memarlıq və Dizayn Departamentinin Memarlıq və Dizayn ixtisası üzrə tələbələri, Azərbaycan #Memarlıq və #İnşaat Universitetinin #SABAH qrupları, Orta Doğu Texniki Universiteti (#ODTÜ), #Ankara Universiteti, #İstanbul Universiteti və Türkiyənin digər aparıcı ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər. SABAH qrupları Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dayanıqlı şəhərsalma və region planlaşdırılması ixtisası üzrə Cəmilə Kərimova, Nəzifə Hüseynzadə, Nilufər Səmədova və Memarlıq ixtisası üzrə Mənsurə Abdullazadə, Tuncay Saadlı təlimlərdə iştirak ediblər.
Tədbirin açılışında Türkiyənin “Ufuk Planlama” şirkəti və Kent Orman Yaşam Atelyesinin qurucusu Dr. Nejla Kılınç, Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva, SABAH qrupları İcra Komitəsinin rəhbəri dosent Elza Səmədova və Memarlıq və Dizayn Departamentinin müdiri dosent Şəhla Abbasova çıxış ediblər.
Dr. Nejla Kılınç layihə iştirakçılarını beş komandaya bölərək tapşırıqları təqdim edib və tələbələrlə birlikdə Buzovna qəsəbəsindəki layihə sahəsində yerində baxış keçirib. Layihə müddətində təlimçi və mütəxəssislərin çıxışları mütəmadi şəkildə davam etdirilib.
Təlimdə Dr. Nejla Kılınç, prof. Dr. Halim Perçin, memar Kübra Ergül, eləcə də Xəzər Universitetinin müəllimləri İlahə Təhməzli, Sevinc Həsənova və Fatma Ataşkaya məruzələrlə çıxış ediblər.
Təlimin əsas məqsədi şəhərlərin dayanıqlı inkişafına dair müasir planlaşdırma metodlarının öyrənilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də beynəlxalq təcrübə mübadiləsinin təşviqidir.
Belə beynəlxalq və multidisiplinar layihələr tələbələrə şəhərsalma və davamlı inkişaf istiqamətində biliklərini genişləndirmək və praktik bacarıqlarını möhkəmləndirmək imkanı yaradır.
Qeyd edək ki, layihənin açılışı TRT Avaz TV tərəfindən lentə alınıb və yayımlanıb.