XƏBƏRLƏR

“Birləşmiş Krallıq universitetlərində süni zəka tətbiqləri” mövzusunda seminar keçirilib

MÜƏLLİMLƏR

26 Yanvar 2026

SABAH qrupları layihəsi çərçivəsində yeni semestr öncəsi müəllimlərin və təhsil işçilərinin peşəkar inkişafının dəstəklənməsi məqsədilə “Birləşmiş Krallıq universitetlərində süni zəka tətbiqləri” mövzusunda seminar keçirilib. Seminar ali təhsil müəssisələrində innovativ yanaşmaların təşviqi və süni zəka texnologiyalarının tədris prosesinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyıb.

Tədbirdə Çankaya Universitetinin prorektoru, Prof. Dr. Buket Akkoyunlu çıxış edərək Böyük Britaniya universitetlərində süni zəkanın həm tədris prosesində, həm də elmi-tədqiqat fəaliyyətində tətbiqi üzrə zəngin təcrübəsini, araşdırmalarını və real nümunələri iştirakçılarla bölüşüb.

Eyni zamanda, Böyük Britaniya universitetlərində tələbələrin süni zəka texnologiyalarından istifadəsinə dair yanaşmalar, akademik dürüstlük prinsipləri, etik çərçivələr və tənzimləyici mexanizmlər barədə ətraflı məlumat verilib.

Seminar çərçivəsində süni zəkanın ali təhsildə yaratdığı imkanlarla yanaşı, qarşıya çıxan çağırışlar, müəllim və tələbələrin rəqəmsal bacarıqlarının artırılması, eləcə də gələcək perspektivlər ətrafında geniş müzakirələr aparılıb. Məruzədən sonra interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb və praktiki tövsiyələr verilib.

SABAH qrupları layihəsinin məqsədi Azərbaycan təhsilində innovativ yanaşmaları təşviq etmək, müəllimlərin qlobal trendlərlə inteqrasiyasını gücləndirmək və ölkədə süni intellekt əsaslı təhsil modellərinin inkişafına töhfə verməkdir. Müxtəlif ali təhsil müəssisələrini təmsil edən yüzə yaxın SABAH müəlliminin iştirak etdiyi bu seminar da həmin məqsədlərə uğurla xidmət edib.