Ankarada keçirilən “Dayanıqlı Şəhər Layihəsi”nin 3-cü mərhələsi uğurla başa çatdı
TƏLƏBƏLƏR
17 Noyabr 2025
16 noyabr 2025-ci il tarixində #Ankara Müzik ve Güzel Sanatlar Universitetində (#MGÜ) keçirilən “Sanat ve Şehir: MGÜ Kampüs Planlaması” adlı multidisiplinar məkan planlaşdırması proqramının bağlanış mərasimi baş tutdu.
Proqram çərçivəsində Ufuk Planlama Kent Orman Yaşam Atölyesinin qurucusu Dr. Nejla Kılınçın rəhbərliyi ilə keçirilən təlimlər tələbələrə şəhərsalma, incəsənət və təbiətin inteqrasiyası mövzularında praktiki biliklər qazandırdı.
Tədbirdə çıxış edən SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova layihənin gənclərin yaradıcı təfəkkürünün inkişafında və Azərbaycan–Türkiyə akademik əməkdaşlığının möhkəmləndirilməsində xüsusi rol oynadığını vurğuladı.
SABAH qrupları Azərbaycan #Memarlıq və #İnşaat Universiteti, SABAH qrupları Azərbaycan #Rəssamlıq Akademiyası, #Xəzər Universiteti və Türkiyənin aparıcı universitetlərindən olan tələbələr, ümumilikdə 40 nəfər iştirakçı 5 komandaya bölünərək müxtəlif istiqamətlər üzrə birgə çalışdılar və proqram boyu hazırladıqları kampus planlaması, urbanistik dizayn, yaşıl məkanların optimallaşdırılması, səs və rəng analizləri, memarlıq estetikası və vizual sənət inteqrasiyası kimi mövzuları əhatə edən layihələrini jüri qarşısında təqdim etdilər.
Tələbələrin təqdimatları #MGÜ kampusunun inkişafı üçün alternativ planlama modelləri, dayanıqlı məkan həlləri və incəsənət–şəhər əlaqəsini önə çıxaran kreativ yanaşmalar ilə zəngin olub.
Təlim zamanı tələbələr səs xəritələri, rəng paletləri, vizual sənət təsirli məkan təhlilləri, kampus ssenariləri, yaşıl infrastruktur həlləri və urbanistik dizayn təklifləri üzərində intensiv studiya işləri həyata keçirmişdilər.
Bağlanış günü hazırlanmış layihələr sərgi formatında nümayiş etdirildi, daha sonra isə tələbələrə iştirak sertifikatları təqdim olundu.
Qeyd edək ki, “Dayanıqlı Şəhər Layihəsi”nin birinci mərhələsi 30 may–3 iyun 2025-ci il, ikinci mərhələsi isə 27–31 oktyabr 2025-ci il tarixlərində keçirilmişdir.