SABAH qruplarına qəbul 3 mərhələdə olmaqla müsabiqə yolu ilə aparılır:

I. AKADEMİK GÖSTƏRİCİLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ

SABAH qruplarına Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan,  I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları müraciət edə bilər.

SABAH qruplarına tələbə seçimi müsabiqəsi qaydalarının 7.3 bəndinə əsasən namizədlərin qiymətləndirilməsi həm də ali təhsil müəssisələrinə qəbul balı əsasında aparıldığından yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilər.

II. TEST İMTAHANI 

“Test suallarının cavablandırılmasına dair təlimat”a uyğun olaraq imtahanda iştirak edən hər bir namizədə İngilis dili komponenti üzrə 50 (əlli) və məntiq komponenti üzrə 50 (əlli) sual təqdim edilir. Sualların cavablandırılmasına 2 (iki) saat vaxt ayrılır.

III. MÜSAHİBƏ

Müsahibə hər bir ixtisas və ya ixtisaslar qrupu üzrə Təhsil Nazirliyi tərəfindən yaradılmış və müvafiq ixtisas üzrə ali təhsil müəssisələrində akademik fəaliyyət göstərən şəxslər, ali təhsil müəssisələri üzrə SABAH mərkəzlərinin əməkdaşları və müvafiq sahə üzrə işgüzar mühitdə fəaliyyət göstərən təcrübəli peşəkarlardan ibarət olan komissiya tərəfindən şifahi formada aparılır. Müsahibədə namizədin təhsil aldığı ixtisasa marağı, bu sahədəki bilikləri, ümumi dünyagörüşü və s. meyarlar müəyyən olunmuş ballar şkalası üzrə qiymətləndirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qiymətləndirmə komissiya tərəfindən ixtisasa müvafiq meyarlar üzrə aparıla bilər.

 

Bütün mərhələlər üzrə qiymətləndirmə aşağıdakı meyarlar əsasında həyata keçirilir.   

1. Akademik göstəricilər (ÜOMG);     

2. Test imtahanının nəticəsi;     

3. Müsahibə nəticəsi;     

4. Ali təhsil müəssisəsinə qəbul balı.