SABAH qruplarına tələbələrin seçimi QAYDALARI

Tədbirin tarixi: 01 Yanvar, saat

1. Ümumi müddəalar

1.1. “SABAH qruplarına tələbələrin seçimi Qaydaları” (bundan sonra Qaydalar) həmin qruplara tələbələrin seçilməsi ilə bağlı müsabiqənin keçirilməsini tənzimləyir.

2. Müsabiqənin təşkili

2.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində birinci tədris ili üzrə əyani formada təhsil alan tələbələrin SABAH qruplarına seçimi mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.

2.2. SABAH qruplarına tələbələrin seçimini həyata keçirmək üçün SABAH layihəsinin rəsmi internet səhifəsində (www.sabah.edu.az) bu Qaydalar, “Elektron ərizə forması” və “Elektron ərizənin doldurulmasına dair təlimat” yerləşdirilir.

2.3. SABAH qruplarına tələbələrin seçimi prosesinin səmərəli təşkili və keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müsabiqə komissiyası və imtahanın nəticələri ilə bağlı şikayətlərə baxılması məqsədi ilə apelyasiya komissiyası yaradılır.

2.4.Müsabiqədə iştirak etmək üçün tələbələr SABAH qruplarının rəsmi internet səhifəsində (www.sabah.edu.az) yerləşdirilmiş elektron ərizəni doldurulmalıdırlar. Elektron ərizələrin qəbulunun başlanma və bitmə vaxtı Təhsil Nazirliyi tərəfindən hər il müəyyənləşdirilir və elan edilir.

2.5.SABAH qruplarında təhsil ödənişli və ödənişsiz əsaslarla təşkil oluna bilər.

3. Müsabiqədə iştirak edənlərə dair tələblər

3.1. SABAH qruplarına Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan, birinci tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilər.

3.2.Müsabiqədə tələbələr yalnız təhsil aldıqları ixtisas üzrə iştirak edə bilərlər.

3.3.Müvafiq ixtisas üzrə SABAH qruplarında təhsil almaq üçün bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi zərurəti yaranan tələbələr bu ali təhsil müəssisələrinin müvafiq ixtisaslarının tədris planları (birinci tədris ili üzrə) arasında akademik fərqin 2 fəndən artıq olmadığı halda müsabiqədə iştirak edə bilərlər.

4. Müsabiqənin I mərhələsi

4.1. Müsabiqənin I mərhələsində SABAH layihəsinin rəsmi internet səhifəsində (www.sabah.edu.az) yerləşdirilmiş elektron ərizə formasını dolduran hər bir namizədin ərizəsi yoxlanılır. Qeyd olunan göstəricilər müsabiqə qaydalarına uyğun olduqda ərizə 10 (on) iş günü ərzində təsdiqlənir və bu haqda namizədin elektron poçt ünvanına ərizənin təsdiqi haqqında məlumat göndərilir.

4.2.Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra ərizəsi təsdiqlənmiş namizədlər müsabiqənin II mərhələsi olan test imtahanının keçirilmə vaxtı və məkanı barədə 10 (on) iş günü əvvəl SABAH layihəsinin rəsmi internet səhifəsində (www.sabah.edu.az) yerləşdirilən elan vasitəsilə məlumat əldə edirlər.

5. Müsabiqənin II mərhələsi

5.1.Müsabiqənin II mərhələsində iştirak etmək üçün namizədlər imtahana buraxılış vərəqəsini www.student.sabah.edu.az portalında yaradılmış şəxsi hesablarına daxil olmaqla əldə edirlər.

5.2. Müsabiqə iştirakçıları imtahanın başlanmasına 1 (bir) saat qalmış şəxsiyyət vəsiqəsinin əsli və imtahana buraxılış vərəqəsi ilə imtahanın keçiriləcəyi yerə gəlməlidirlər. Şəxsiyyəti təsdiq edən sənəd və imtahana buraxılış vəsiqəsi təqdim olunmadıqda namizəd imtahana buraxılmır.

5.3. Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.

5.4.Test imtahanı ingilis dili və məntiq komponentləri üzrə keçirilir. Nümunə suallar layihənin rəsmi internet səhifəsində (www.sabah.edu.az) “Seçim şərtləri” bölməsində yerləşdirilir.

5.5.“Test suallarının cavablandırılmasına dair təlimat”a uyğun olaraq imtahanda iştirak edən hər bir namizədə İngilis dili komponenti üzrə 50 (əlli) və məntiq komponenti üzrə 50 (əlli) sual təqdim edilir. Sualların cavablandırılmasına 2 (iki) saat vaxt ayrılır.

5.6.Müvafiq komponentlər üzrə namizədlərin qiymətləndirilməsi aşağıdakı qaydada aparılır;     

     5.6.1. SABAH qruplarında təhsil dili bölməsində yalnız azərbaycan dili seçimini göstərmiş namizədlər ixtisaslara müvafiq olaraq məntiq komponentinin keçid balını topladıqları halda müsabiqənin növbəti mərhələsinə keçmiş hesab olunurlar. İngilis dili komponenti üzrə keçid balı müəyyən olunmur, lakin bu komponent üzrə toplanmış bal müsabiqənin son mərhələsində əmsalı hesablanmaqla namizədin yekun balına əlavə olunur.

     5.6.2. SABAH qruplarında təhsil dili bölməsində azərbaycan dili və ingilis dili seçimlərini göstərmiş namizədlər ixtisaslara müvafiq olaraq məntiq və ingilis dili komponentlərinin keçid balını topladıqları halda ingilis bölməsi üzrə müsabiqənin növbəti mərhələsinə keçmiş hesab olunurlar. İngilis dili komponenti üzrə keçid balını toplamamış namizədlər öz seçimlərinə əsasən azərbaycan bölməsi üzrə müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanırlar.

      5.6.3. SABAH qruplarında təhsil dili bölməsində yalnız ingilis dili seçimini göstərmiş namizədlər məntiq və/və ya ingilis dili komponentinin keçid balını toplamadıqları halda müsabiqənin növbəti mərhələsində iştirak hüququnu itirirlər.

       5.6.4. Müvafiq ixtisas üzrə müsabiqə keçid balını toplamış tələbələrin sayı 15-dən az olarsa (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla), həmin ixtisas üzrə müsabiqə dayandırılır.

5.7. Müsabiqənin II mərhələsi üzrə qiymətləndirmənin nəticələri (ixtisaslar üzrə müəyyən olunmuş keçid ballarına əsasən) imtahanın keçirilməsindən etibarən 15 (on beş) iş günü ərzində SABAH layihəsinin rəsmi internet səhifəsində (www.sabah.edu.az) elan olunur.

5.8.Müsabiqənin II mərhələsində müvafiq ixtisaslar üzrə keçid balını toplamış namizədlər III mərhələdə (müsahibəyə) iştirak etməyə dəvət olunurlar. Müsahibənin keçirilmə vaxtı və yeri imtahan nəticələrinin elan olunmasından etibarən 10 (on) iş günü ərzində SABAH layihəsinin rəsmi internet səhifəsində (www.sabah.edu.az) elan olunur.

6. Müsabiqənin III mərhələsi

6.1.Müsabiqənin III mərhələsinə buraxılmış namizədlər müsahibə üçün qeyd olunan tarixdə akademik arayışın (transkript) əslini, şəxsiyyət vəsiqəsinin surətini müsabiqə komissiyasına təqdim edirlər.

6.2. I mərhələnin qiymətləndirilməsinə təsir edən elektron ərizədəki məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda, namizəd müsahibədə iştirak hüququnu itirir.

6.3. Müsahibə hər bir ixtisas və ya ixtisaslar qrupu üzrə Təhsil Nazirliyi tərəfindən yaradılmış və müvafiq ixtisas üzrə ali təhsil müəssisələrində akademik fəaliyyət göstərən şəxslər, ali təhsil müəssisələri üzrə SABAH mərkəzlərinin əməkdaşları və müvafiq sahə üzrə işgüzar mühitdə fəaliyyət göstərən təcrübəli peşəkarlardan ibarət olan komissiya tərəfindən şifahi formada aparılır. Müsahibədə namizədin təhsil aldığı ixtisasa marağı, bu sahədəki bilikləri, ümumi dünyagörüşü və s. meyarlar müəyyən olunmuş ballar şkalası üzrə qiymətləndirilir.

6.4.Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qiymətləndirmə komissiya tərəfindən ixtisasa müvafiq meyarlar üzrə aparıla bilər.

7. Nəticələrin elan olunması

7.1. Müsabiqənin bütün mərhələlərində iştirak etmiş namizədlərin qiymətləndirilməsi müvafiq mərhələlər, həmçinin namizədlərin ali təhsil müəssisələrinə qəbul balları üzrə xüsusi çəki əmsalları nəzərə alınmaqla aparılır.

7.2. SABAH qruplarına tələbələrin seçimi üzrə yekun nəticələrin elan olunması ali təhsil müəssisələrində birinci tədris ilinin II semestri başa çatdıqdan etibarən 20 (iyirmi) iş günü ərzində aparılır. Bu zaman birinci tədris ilinin II semestri üzrə akademik borcun olduğu aşkarlanarsa, namizəd müsabiqədə iştirak hüququnu itirir.

7.3.Bütün mərhələlər üzrə qiymətləndirmə aşağıdakı meyarlar əsasında həyata keçirilir.

     7.3.1. Akademik göstəricilər (ÜOMG);

     7.3.2. Test imtahanının nəticəsi;

     7.3.3. Müsahibə nəticəsi;

     7.3.4. Ali təhsil müəssisəsinə qəbul balı.

7.4. Müvafiq ixtisas üzrə SABAH qruplarında təhsil almaq üçün bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi zərurəti yaranan tələbələr bu ali təhsil müəssisələrinin müvafiq ixtisaslarının I kurs üzrə tədris planları arasında akademik fərqin 2 fəndən artıq olmadığı halda mümkün hesab olunur. Fənlərin yay məktəbi və ya alt qrupda dinlənilməsi tələbələrin öz vəsaiti hesabına həyata keçirilir.

7.5. Müvafiq ixtisas və bölmə üzrə kvota çərçivəsində keçid balını toplamış namizədlər SABAH qruplarına seçilə bilərlər. Müsabiqədə müvəffəq nəticə göstərmiş namizədlərin sayı akademik qrupun formalaşdırılması üçün müəyyən olunmuş saydan az olduğu halda həmin ixtisas və/və ya bölmə üzrə SABAH qrupları yaradılmır.

7.6. Nəticələr elan olunduqdan sonra SABAH qruplarına tələbələrin seçimi müsabiqəsində müvəffəq nəticə göstərmiş namizədlərin nəticələrinin rəsmiləşdirilməsi həmin namizədlər tərəfindən yekun qeydiyyat formasının tamamlanmasından sonra aparılır.

7.7. Yekun qeydiyyat formasını tamamlamış tələbələrin siyahısı Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiq olunur, Nazirliyin İnternet səhifəsində və SABAH qruplarının rəsmi internet səhifəsində (www.sabah.edu.az) yerləşdirilir və müvafiq ali təhsil müəssisələrinə göndərilir .