SABAH qrupları layihəsinin nümayəndə heyətinin Paris-Sorbon Abu Dabi Universitetinə səfəri baş tutdu.

SABAH layihəsinin Paris-Sorbon Abu Dabi Universiteti ilə əməkdaşlığı çərçivəsində SABAH qruplar nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərində yerləşən Paris Sorbon Abu-Dabi Universitetinə səfəri baş tutmuşdur.

19-24 mart 2016-cı il tarixlərini əhatə edən səfərdə SABAH tələbələri Paris-Sorbon Abu Dabi Universiteti tərəfindən təşkil olunan “Tənqidi düşüncə texnikası” adlı 5 günlük təlimdə iştirak etmişlər. Təlimin məqsədi SABAH tələbələrinin savadlı, bacarıqlı və hazırlıqlı yetişməsinə dəstək olmaq,müasir dövrdə tənqidi və analitik düşüncə qabiliyyətlərinin əhəmiyyətini çatdırmaq və tələbələrə tənqidi düşünmənin texnika və yollarını aşılamaq olmuşdur. Dərslər mühazirə, diskussiya və qrup işi şəklində aparılmışdır.

Qeyd edək ki, təlimdə iştirak etmək üçün tələbələrin seçimi ümumi orta müvəffəqiyyət göstəricilərinin qiymətləndirilməsi, xüsusui test imtahanı və müsahibə mərhələlərindən ibarət olmaqla müsabiqə yolu ilə aparılmışdır. Təlimdə tələbələrin qrup lideri qismində SABAH İcra Komitəsinin tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova iştirak etmişdir.

Səfər müddətində SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadənin Paris-Sorbon Universitetinin rektoru prof. Erik Fuaşe, Qlobal əməkdaşlıq üzrə Abu-Dabi Təhsil Şurasının sektor müdiri prof.Cihad Mohaidat, və Yüksək Təhsil üzrə Əmirliklər Kollecinin rektoru Dr. Robert Miln ilə görüşləri keçirilmişdir.