SABAH III Karyera Qış Məktəbində keçirilən iki günlük təlimlərə yekun vurulub.

Fevralın 14-də Təhsil Nazirliyi SABAH qrupları tələbələri üçün nəzərdə tutulan SABAH III Karyera Qış Məktəbində keçirilən iki günlük təlimlərə yekun vurulub.

Təlimlərin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.Bakı Dövlət Universitetinin(BDU) Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində 12-14 fevral tarixində keçirilən təlimdə 100-ə yaxın tələbə iştirak edib.Qış Məktəbində SABAH tələbələri işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması mövzuları üzrə təlim keçiblər.

Həmçinin təlimdə tələbələr karyera planlaşdırılması, təqdimat bacarıqları, layihələrin idarə olunması və digər mövzular üzrə məlumatlar alıblar. 

Təlimin sonunda təlimçilərə təşəkkürnamələr, iştirakçılara isə sertfikatlar verilib.Karyera Qış Məktəbi ilə yanaşı, SABAH layihəsinin əməkdaşları üçün də “Ali təhsillin idarə olunmasının qanunvericilik ve texniki aspektləri” mövzusunda xüsusi seminar təşkil edilib. SABAH İcra Komitəsinin Tədris işləri üzrə koordinatoru, ali təhsil müəssisələrinin SABAH mərkəzinin rəhbərlərinin iştirak etdiyi seminarda bu ildən ali təhsil sistemində tətbiq ediləcək yeniliklərlə bağlı geniş izahat verilib, fikir mübadiləsi aparılıb.

SABAH Karyera Akademiyası 2017-ci ildən SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədi ilə yaradılıb. Akademiyanın təlimləri peşəkar karyera, sahibkarlıq, elmi araşdırma istiqamətləri üzrə tələbələrin biliklərinin artırılmasına yönəlib.Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir və SABAH Karyera Akademiyası çərçivəsində “SABAH” Karyera İnkişafı Sərgisi, “SABAH” Xaricdə Təhsil Sərgisi, “SABAH” İnnovasiya Forumu kimi bir sıra tədbirləri həyata keçirib.

Akademiya çərçivəsində keçirilən bu ilki SABAH III Karyera Qış Məktəbinə ötən illərdə olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər “(Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və fərdi təlimçilər, eləcə də BDU, AzMİU universitetləri Qış Məktəbinin təşkilinə yaxından dəstək göstəriblər.

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə 2300-dən çox tələbəni və 600-dən artıq müəllimi əhatə edir.