SABAH qruplarına tələbələrin qəbulu

QAYDALARI

 Ümumi müddəalar

 

1.1. “SABAH qruplarına tələbələrin qəbulu Qaydaları” (bundan sonra Qaydalar) “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq hazırlanmışdır. 

1.2. Bu Qaydalar SABAH qruplarına tələbələrin seçilməsi ilə bağlı  müsabiqənin keçirilməsini tənzimləyir.

 

Müsabiqənin təşkili

 

2.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində I kurs tələbələrinin SABAH qruplarına qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.

2.2. SABAH qruplarına müəyyən edilmiş ixtisaslar üzrə I tədris ilinin I semestrinin nəticələrinə görə orta müvəffəqiyyət göstəricisi 61 baldan aşağı olmayan tələbələr müraciət edə bilər.

2.3. Müsabiqədə tələbələr yalnız təhsil aldığı ixtisas üzrə iştirak edə bilər.

2.4. SABAH qruplarına tələbələrin qəbulunu həyata keçirmək üçün SABAH layihəsinin rəsmi İnternet saytında (www.sabah.edu.az) “Savadlı, Bacarıqlı və Hazırlıqlı (“SABAH”) tələbələr” bu Qaydalar, “Elektron ərizə forması”, “Elektron ərizənin doldurulmasına dair təlimat” və “Şəxsi səhifə” yerləşdirilir.

2.5. SABAH qruplarına tələbələrin qəbul prosesinin səmərəli təşkili və keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müsabiqə komissiyası və imtahanın nəticələri ilə bağlı şikayətlərə baxılması məqsədilə apelyasiya komissiyası yaradılır.

2.6. Müsabiqədə iştirak etmək üçün SABAH qruplarının rəsmi İnternet saytına (www.sabah.edu.az) daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı Təhsil Nazirliyi tərəfindən hər il müəyyənləşdirilir və elan edilir.

2.7. Elektron ərizələrin qəbulu başa çatdıqdan 10 (on) təqvim günü sonra ərizəsi təsdiqlənmiş namizədlər II mərhələnin test imtahanının keçirilmə vaxtı və məkanı barədə elektron formada bildiriş göndərilməklə məlumat əldə edirlər.

2.8. Elekron ərizə əsasında müsabiqənin I mərhələsində elektron proqram təminatı vasitəsilə hər bir namizədin qiymətləndirilməsi aparılır.

2.9. SABAH qruplarına tələbələrin qəbulu üzrə müsabiqənin II mərhələsində test imtahanın keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən “Test bankı” hazırlanır. Test imtahanı xarici dil və məntiq komponentləri üzrə aparılır.

2.10. Müsabiqə iştirakçıları imtahanın başlanmasına 1 (bir) saat qalmış qeydiyyatdan keçməlidirlər. Bunun üçün şəxsiyyət vəsiqəsinin əsli təqdim edilir. Şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadıqda, namizəd imtahana buraxılmır.

2.11. Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.

2.12. “Test suallarının cavablandırılmasına dair təlimat”a uyğun olaraq imtahanda iştirak edən hər bir namizədə fərdi olaraq xarici dil üzrə 25 sual və məntiq üzrə 25 sual olmaqla, cəmi 50 sual təqdim edilir. Sualların cavablandırılmasına 1,5 saat vaxt ayrılır.

2.13. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir.

2.14. Müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmə nəticələri Təhsil Nazirliyinin saytında dərc edilir.

2.15. Topladıqları ümumi bal əsasında iştirakçılar III mərhələdə iştirak etməyə dəvət olunurlar.

2.16. Müsabiqənin III mərhələsinə buraxılmış namizədlər müsahibə üçün qeyd olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti, diplomlar və sertifikatların surəti və şəxsiyyət vəsiqəsinin surətini) müsabiqə komissiyasına təqdim edirlər.

2.17. Müsahibə hər bir ixtisas üzrə Təhsil Nazirliyi tərəfindən təyin olunmuş üç nəfərdən ibarət səriştəli komissiya tərəfindən şifahi formada aparılır. Müsahibədə namizədin seçdiyi ixtisasa marağı, bu sahədəki bilikləri və ümumi dünyagörüşü qiymətləndirilir.

2.18. Bütün mərhələlər üzrə yekun qiymətləndirmə aşağıdakı meyarlar əsasında həyata keçirilir.

2.18.1. tələbənin akademik göstəriciləri;

2.18.2. II mərhələ zamanı keçirilən test imtahanının nəticəsi;

2.18.3. tələbənin motivasiyası.

2.19. I mərhələnin qiymətləndirilməsinə təsir edən elektron ərizədəki məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda, həmin namizəd müsabiqədən kənarlaşdırılır.

2.20. Müsabiqənin yekun nəticələrinə əsasən SABAH qruplarına qəbul edilən tələbələr müəyyənləşdirildikdən sonra onların siyahısı Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiq olunur, Nazirliyin İnternet səhifəsində və SABAH qruplarının rəsmi saytında yerləşdirilir, müvafiq siyahılar baza ali təhsil müəssisələrinə göndərilir.