Sual Cavab

 SUAL 1. SABAH qrupları nədir?
 CAVAB:  SABAH qrupları 11 dövlət ali təhsil müəssisəsində fəaliyyət göstərən, müvafiq ixtisaslar üzrə seçilmiş savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplar zənciridir.
 SUAL 2. SABAH qruplarına kimlər müraciət edə bilər?
 CAVAB:  SABAH qruplarına Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan,  I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları müraciət edə bilər.
 SUAL 3. SABAH qruplarına tələbələrin qəbulu necə aparılır?
 CAVAB:   “SABAH qruplarına tələbə qəbulu Qaydaları”na əsasən, tələbələrin qəbulu tədris ilində bir dəfə olmaqla, Azərbaycan Respublikası Təhsil Nazirliyinin  tabeliyində olan ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan, ümumi orta müvəfəqiyyət göstəricisi 61 baldan aşağı olmayan, I tədris ilinin I və II semestri üzrə akademik borcu olmayan tələbələr arasından 3 mərhələli müsabiqə yolu ilə aparılır.
 SUAL 4. SABAH qruplarında ixtisaslar nəyə əsasən müəyyən olunur?
 CAVAB:  İxtisaslar təhsil, təbiət, humanitar və sosial, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji, mədəniyyət və incəsənət ixtisas qruplarından hər tədris ilinə görə olmaqla, hər bir ixtisas üzrə baza ali təhsil müəssisəsinin I kursunda təhsil alan potensial tələbələrin sayı və prioritetlik nəzərə alınmaqla müəyyən olunur.
 SUAL 5. SABAH qruplarının digər qruplardan fərqi nədir?
 CAVAB:   SABAH qruplarında ingilis dilinin tədrisinə xüsusi əhəmiyyət verilir, tədris aparan müəllimlər xüsusi müsabiqə vasitəsilə seçilir, tələbələrə tədris və tədrisdənkənar (təlimlər, təcrübə proqramları, təqaüd proqramları, müsabiqələr, sosial tədbirlər, xaric dillərin tədrisi və s.) imkanlar təklif olunmaqla müasir təhsil mühiti yaradılır.
  SUAL 6. SABAH təqaüdü kimlərə verilir?
  CAVAB:  SABAH qruplarında təhsil alan bütün tələbələr SABAH qruplarındakı ilk təhsil semestrində 50 manat məbləğində təqaüdlə təmin olunurlar. Növbəti semestrlər üzrə təqaüdçülər akademik göstəricilərinə əsasən müəyyənləşdirilməklə 50 manat (həvəsləndirici) və 70 manat (əlaçı) məbləğində təqaüdlə təmin olunurlar.  
 SUAL 7. Aylıq SABAH təqaüdü hansı halda dayandırıla bilər?
 CAVAB:  SABAH təqaüdü alan tələbənin hər hansı səbəbdən SABAH qruplarında təhsili dayandırıldıqda, müvafiq olaraq ona SABAH təqaüdünün ödənilməsi də dayandırılır. Təsisçinin qərarı ilə SABAH təqaüdünün miqdarı onun növləri üzrə müvafiq   qaydada dəyişdirilə və ya təqaüdün verilməsi ümumiyyətlə dayandırıla bilər.
 SUAL 8. SABAHda tədrisi aparan müəllimlər kimlərdir?
 CAVAB:  SABAH qruplarında tədrisi aparan müəllimlər yerli ali təhsil müəssisələrindən, özəl və dövlət qurumlarından müsabiqə yolu ilə seçilmiş, xaricdən dəvət olunmuş yerli dil daşıyıcıları olan, beynəlxalq sertifikatlı müəllimlərdir.
 SUAL 9. SABAH qruplarının tələbələri hansi universitetlərdə təhsil alir?
 CAVAB:  SABAH qruplarının tələbələri hazırda ixtisaslarına müvafiq olaraq 11 baza ali təhsil müəssisəsində təhsil alır: BDU, ADİU, AzMİU, ADNSU, ADPU, ADU, AzTU, AdMİU, ADRA, BMA, BSU.
 SUAL 10. Baza ali təhsil müəssisəsində təhsil almayan tələbələr SABAH qruplarına qəbul oluna bilərmi?
 CAVAB:  SABAH qruplarına qəbul üçün müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən qəbul müsabiqəsinin tələblərinə cavab verən bütün tələbələr iştirak edə bilərlər.
 SUAL 11. SABAH qruplarının tələbələri xaricdə təhsillə bağli imtiyazlara malik ola bilərmi?
 CAVAB:  Bu, xaricdə təhsil almaq üçün mövcud qaydaların tələblərinə uyğun mümkündür.
 SUAL 12. SABAH qruplarının məzunlarına fərqli diplom fərqli verilir?
 CAVAB:  SABAH qruplarının məzunları standard bakalavr diplomu ilə yanaşı SABAH qruplarında təhsili təsdiqləyən xüsusi şəhadətnamə verilməsi nəzərdə tutulur.
 SUAL 13. Digər ali təhsil müəssisələrindən SABAH qruplarına qəbul olan tələbələr hansi ali təhsil müəssisəsinin diplomunu alırlar?
 CAVAB:  SABAH qruplarına ixtisas üzrə qeyri-baza ali təhsil müəssisələrindən qəbul olunan tələbələr baza ali təhsil müəssisəsisələrinə mərkəzləşdirilmiş formada köçürülürlər və müvafiq olaraq köçürüldükləri ali təhsil müəssisəsinin diplomunu alırlar.
 SUAL 14. SABAH qruplarında dərs deyən müəllimlərin əmək haqqı necə müəyyənləşdirilir?
 CAVAB:   SABAH qruplarında tədris aparan müəllimlərin 1 akademik saat üzrə əmək haqqı fəndən asılı olaraq differensiallaşdırılmış qaydada müəyyənləşdirilir.
 SUAL 15. SABAH qruplarının yataqxanası ilə kimlər təmin olunur?
 CAVAB:  SABAH qruplarına bölgə ali təhsil müəssislərindən qəbul olunan (Sumqayıt şəhəri xaric olmaqla) və yaxud bölgələrdə yaşayan (Sumqayıt və Xırdalan şəhərləri xaric olmaqla) aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunurlar. Lakin bu yerlər məhduddur.
 SUAL 16. SABAH qruplarına qəbul olunarkən ixtisas dəyişmək mümkündürmü?
 CAVAB:  Xeyr. İxtisas dəyişilməsi mümkün deyildir.
 SUAL 17. SABAH qruplarına qəbul nəticəsində ali təhsil müəssisəsini dəyişən ödənişli tələbə hansi ali təhsil müəssisəsinin ödənişini ödəməlidir?
 CAVAB: Bu halda, tələbə köçürüldüyü ali təhsil müəssisəsinin müvafiq ixtisas üzrə həmin kursuna tətbiq olunan təhsil haqqını ödəməlidir.
 SUAL 18. Müsahibə mərhələsində hansı istiqamətdə suallar verilir?
 CAVAB: SABAH qruplarına tələbə qəbulunun müsahibə mərhələsində tələbələrin ixtisas üzrə fundamental bilikləri,ümumi dünyagörüşü, xarici dil, ünsiyyət və s.  kimi bir sıra bilik və bacarıqları yoxlanılır.
 SUAL 19. SABAH qruplarına qəbul balı neçədir?
 CAVAB: SABAH qruplarına qəbul üzrə keçid balı hər bir ixtisas və bölmə üzrə olmaqla müsabiqə nəticələrinə əsasən formalaşır.
 SUAL 20. SABAH qruplarından müraciət əsasında xaric olunmaq olurmu?
 CAVAB: SABAH qruplarından tələbələrin öz müraciətləri əsasında üzrlü və əsaslı səbəblər olduğu halda xaric olunması ən tezi SABAH qruplarındakı təhsilin I semestrinin sonunda mümkündür.