ADMİU SABAH qruplarından Beynəlxalq Uğur!
TƏLƏBƏLƏR
25 Aprel 2025
ADMİU SABAH qrupları Qırğızıstanda keçirilən X Beynəlxalq Tələbə Teatr Festivalında!
14–19 aprel 2025-ci il tarixlərində Qırğızıstanın Bişkek şəhərində keçirilən “Yeni Adlar” (“Жаңы Ысымдар”) X Beynəlxalq Tələbə Teatr Festivalında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qruplarının Aktyor sənəti ixtisası üzrə IV kurs tələbələri – Nurlan Ağayev, Fətəli Abdullayev, Zeynəb İslamova, Emil Həmidov, Cəfər Cəfərli və SABAH Mərkəzinin rəhbəri, əməkdar artist Nofəl Vəliyev iştirak ediblər.
Festival çərçivəsində tələbə və müəllim heyəti öyrədici ixtisas təlimlərinə qatılıb, müxtəlif ölkələrdən olan teatr kollektivlərinin tamaşalarını izləyib və təşkil olunan ekskursiyalarda iştirak ediblər.
16 aprel tarixində tələbələrimiz böyük Qırğız yazıçısı Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilən “Dəniz Kənarı ilə qaçan Alabaş” tamaşası ilə çıxış ediblər. Tamaşanın quruluşçu rejissoru SABAH Mərkəzinin rəhbəri, əməkdar artist Nofəl Vəliyevdir.
Tamaşa sonrası jüri heyəti çıxışı yüksək qiymətləndirərək, aktyor oyunu, kollektiv iş və rejissor həllini xüsusilə bəyəndiklərini vurğulayıblar. Tələbələrimizin ifasında təqdim olunan bu səhnə işi “Ən yaxşı tamaşa” nominasiyası üzrə III yerə layiq görülüb. Bundan əlavə, festival çərçivəsində təşkil olunan bədii qiraət müsabiqəsində tələbəmiz Emil Həmidov uğurla çıxış edərək diplomla təltif olunub.
Festivalda qazandıqları uğura görə tələbələrimizi və yaradıcı heyəti təbrik edir, kollektivə gələcək fəaliyyətlərində davamlı uğurlar arzu edirik!