SABAH tələbələrinin qələbəsi

May ayının 1-dən 6-na qədər İspaniyanın Barselona şəhərində keçirilən “Sea Sun” festival müsabiqəsində, Azərbaycan təmsilçiləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Sabah qrupu II kurs tələbələri Əzizov Cavid və Aydəmirov Vüsal uğurla çıxış etmişlər. Müsabiqədə 13 ölkədən iştirakçılar yarışırdı.

Professor, Əməkdar müəllim Nəzakət Rimazinin tələbəsi Əzizov Cavid (20-25 yaş) qrupu üzrə İnstrumental janrda solo nominasiyasında, İ.S.Bax 1-ci cild “f moll” və T.Quliyev “Qaytağı” əsərlərini ifa etmiş və 1-ci yerə layiq görülmüşdür.

Müəllim, Professor, Əməkdar İncəsənət xadimi Oktay Abasquliyevin tələbəsi Aydəmirov Vüsal (20-25 yaş) qrupu üzrə İnstrumental janrda solo nominasiyasında, F.Liszt “Ballada N2” və F.Bədəlbəyli “Dəniz” əsərlərini ifa etmiş və 2-ci yerə layiq görülmüşdür.

Professor, Əməkdar müəllim Nərminə Quliyevanın tələbələri, Əzizov Cavid və Aydəmirov Vüsal (20-25 yaş) qrupu üzrə ansambl nominasiyasında, İ.Brahms “Macar rəqsi N3” və Ü.Hacıbəyli “Koroğlu” uverturasının ifası sayəsində 3-cü yerə layiq görülmüşlər.