‪‎SABAH‬ qruplarının tələbələrindən ibarət komanda “Microsoft Imagine Cup 2016” müsabiqəsinin Milli Final mərhələsində qalib oldu!

Mayın 17-də Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkının dəstəyi, «Microsoft Azərbaycan» və “Nar Mobile” tərəfindən təşkil olunmuş “Microsoft Imagine Cup 2016” irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsi keçirilib. Müsabiqə çərçivəsində ali və ilk peşə-ixtisas təhsil müəssisələrinin tələbə və şagirdlərindən ibarət komandalar 3 kateqoriya (“İnnovasiya”, “Sosial layihələr” və “Oyunlar”) üzrə iştirak ediblər.

 “Sosial layihələr” nominasiyasında SABAH qruplarının tələbələrindən ibarət “TechSOS” komandası qalib gəlib. Komandanın tərkibinə daxil olan Aytac Ağabəyli, Günay Abdullayeva, Nailə İsmayılova və Sənan Quluzadə 3 hissədən ibarət olan (smartfonlar üçün tətbiq, bulud tətbiqi və avadanlıq) yıxılmanın müəyyən edilməsi sistemini hazırlayıblar. Kiçik həcmli peycerə bənzər avadanlıq yaşlı insanın kəmərinə bərkidilir. Həmin ahıl insana nəzarət edən şəxsin Smartfonuna yıxılma baş verdiyi halda bulud tətbiqi vasitəsilə hadisə və hadisənin baş verdiyi yer haqda dərhal məlumat daxil olur. Bu, məlumatlandırma və ilkin yardım proseslərini sürətləndirməyə yardım edir. 

Xatırladaq ki, “Microsoft Imagine Cup” – innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqədir. Müsabiqənin məqsədi Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq və onların əmək bazarının tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişmələri üçün şərait yaratmaqdır. “Sosial layihələr”, “İnnovasiya” və “Oyunlar” nominasiyaları üzrə ən yaxşı olan 3 komanda müsabiqənin beynəlxalq yarımfinalında iştirak etmək imkanı qazanıb. Bu mərhələdə onlayn səsvermə təşkil olunacaq. Uğur qazanan komandalar Azərbaycanı 2016-cı ilin iyulunda müsabiqənin beynəlxalq finalında təmsil edəcək və əsas mükafat – 50 000 ABŞ dolları uğrunda mübarizə aparcaqlar.Tədbirin sonunda “Microsoft Imagine Cup 2016” müsabiqəsinin Milli Finalının qalibləri mükafatlandırılıb.