Bilik yarışlarının bağlanış mərasimi

Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan cari ilin fevral-mart aylarında uğurla keçirilmiş Riyaziyyat, Müəllimlik və İnformasiya Texnologiyaları üzrə Bilik Yarışmasının mükafatlandırılma və bağlanış mərasimi 24 aprel 2019-cu il tarixində Bakı Dövlət Universitetində təşkil olunacaqdır.

Bu Bilik Yarışması SABAH qruplarında təhsilin keyfiyyətini artırmaq, həmçinin, elmi potensialı, istedadı, yaradıcı təfəkkürü olan tələbələrin sağlam rəqabət şəraitində üzə çıxarılması və inkişafına təkan verilmək məqsədi daşıyır.

Bilik Yarışmasında ümumilikdə 9 ali təhsil müəssisəsindən (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universieti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti) olan iştirakçıların sayı ötən illə müqayisədə 40% artaraq 800-ə yaxın qeydiyyatdan keçən SABAH tələbəsini əhatə etmişdir.

Bilik Yarışmasının I mərhələlsində 689 tələbə, II mərhələsində 161 tələbə iştirak edərək, Final mərhələsinə 28 tələbə vəsiqə almışdır.

Riyaziyyat üzrə bilik yarışmasının final mərhələsində I yeri – Süleyman Bağırov (BDU), II yeri – Rübabə Hüseynova (BDU), III yeri – Aygül Bayramova (BDU) qazanmışdır.

Müəllimlik üzrə keçirilən bilik yarışmasında I yeri – Mərziyyə Əzməmmədova (BDU), II yeri – Çərkəz Kərimova (ADPU), III yeri – Flora Bayramova (BDU) qazanmışdır.

İnformatika üzrə bilik yarışmasında  I yeri - Süleyman Bağırov (BDU), II yeri – Aygül Bayramova (BDU), III yeri – Murad Qaraşov (ADİU) qazanmışdır.

Tədbirdə Təhsil Nazirliyinin rəhbərliyi, Milli Məclisin üzvləri, müvafiq ali təhsil müəssisələrinin rəhbərliyi, təhsil ekspertləri, BDU-nun professor və müəllim heyəti,  SABAH əməkdaşları, SABAH tələbələri və könüllülərin iştirakı nəzərdə tutulur.